Nurəddin Tofiq
Nurəddin Tofiq (?–1921) — XX əsrin ikinci onilliyində Türkiyədə və Azərbaycanda fəaliyyət göstərmiş pedaqoq, uşaq yazıçısı və jurnalist. 1913 – 1914-ci illərdə Türkiyədə “Cocuq Dünyası” adlı uşaq jurnalı çap etdirmiş, 1920 – 1921-ci illərdə Nuxada çıxan bolşevik vərəqələrinin redaktoru olmuşdur.
| Nurəddin Tofiq | |
|---|---|
| Ağayey Nurəddin Tofiq | |
| Nurəddin Tofiq. | |
| Anadan olduğu yer |
|
| Vəfat edib | 1921 |
| Vəfat etdiyi yer |
Nuxa (indiki Şəki), Azərbaycan SSR |
| Vəfat səbəbi | vərəm xəstəliyi |
| Dəfn yeri |
Nuxa (indiki Şəki), Azərbaycan SSR |
| Milliyyəti | kırımtatar |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
Türkiyədə anadan olub. Əslən kırımtatardır.
1913-cü ildə Türkiyədə nəşrə başlamış “Cocuq Dünyası” adlı bir uşaq jurnalının redaktoru idi (1913–1914-cü illərdə həmin jurnalın 78 nömrəsi işıq üzü görmüşdü).
Türkiyədə inqilabi hərəkata qatılmış, siyasi təqiblərə məruz qaldığına görə sonda Rusiya İmperiyasına mühacirət etməyə məcbur olmuş və Nuxada müəllim işləmişdi. Lakin bir Aşura günü Nuxada yolda gedərkən boynunda qırmızı qalustuq olması səbəbindən yerli axund Fərəcullah Pişnamazzadəni qəzəbinə tuş gəlib. Bundan sonra təqiblərə məruz qalıb və işini də itirib. Gəncəyə köçmək istəyib, lakin pulu olmadığına görə köçə də bilməyib. Sonda dostları (Mustafa Bədəlov, Kərim Əsgərov, Hacı Həkim, Meşədi Mehdi Sadıqov, Həsən Tahirov və digərləri) Nuxada bir teatr tamaşası göstərərək yığılan pulu ona veriblər ki yolpulu etsin.
Nurəddin Tofiq Nuxadan getdikdən sonra 28 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər Gəncə Darülmüəllimində müəllim işləyib. Onu Məhəmmədəmin Rəsulzadə şəxsən tanıyırdı. Belə ki, Nurəddin Tofiq 7 avqust 1919-cu il tarixdə Məhəmmədəmin Rəsulzadəyə yazdığı məktuba sonuncu belə dərkənar qoymuşdu: “Məruf Tofiq Nurəddin bəyəfəndiyi şəxsən tanıdığımdan bu xüsusdakı təyinata əhəmiyyət vermək [rica] olunur”.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Nurəddin Tofiq Nuxaya qayıdır. Burada “Qafqaz kommunası” (az sonra “Gündəlik əxbar” ) adlı bolşevik vərəqəsinin nəşri ona tapşırıldı. Eyni vaxtda həm də Nuxa komsomolunun orqanı olan “Zəhmətkeş gənc” və “Gənc kommunist” vərəqələrinin, Nuxa maarif şöbəsinin xəbərlərinin nəşrinə də cavabdeh oldu. Lakin 1921-ci ildə Nuxada vərəm xəstəliyindən vəfat etdi. Nuxada da dəfn olundu və Nuxada bir küçəyə adı verildi.
Rus dilini mükəmməl bilirdi və rus ədəbiyyatını, xüsusilə, Tolstoyun yaradıcılığını sevirdi.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Qəzetəmizin keçub gəldiyi yollar // Şəki fəhləsi : qəzet. — Nuxa, 1931. — В. 25 oktyabr. — № 48 (897). — Səh. 4.
- Tahirzadə Ə., Tahirli O. Bosnalızadə Məhəmmədraşid Mustafa oğlu (21.06.1892–?) // Azərbaycan Cümhuriyyəti tələbələri. — Bakı: TEAS Press, 2016.
- Osmanlıcılıktan Türk Milliyetçiliğine Bir Çocuk Dergisi: Çocuk Dünyası (1913-1914) : [arx. 13.11.2025] : [tur.] // DergiPark. — Müraciət tarixi: 13.11.2025.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |