Üsuli-cədid
Üsuli-cədid (yeni üsul) — Azərbaycanda sovet hakimiyyətindən əvvəl məktəb və mədrəsələrdə tətbiq edilən yeni tədris üsulu, mütərəqqi pedaqoji cərəyan. XIX əsrin sonları – XX əsrin əvvəllərində yaranmışdı. Üsuli-cədid məktəblərində dərslər ana dilində keçirilir, rus dili müstəqil fənn kimi tədris edilirdi. Planına ümumtəhsil xarakterli fənlər, dünyəvi biliklər də daxil edilirdi. Əlifba təlimi yeni (sövti) üsulda aparılırdı.
Üsuli-cədid məktəblərində şagirdlər biliyi yaxşı mənimsəyir, təlimin tərbiyəvi xarakteri yüksəlirdi. Bu məktəblərdə dövrün qabaqcıl ziyalıları dərs deyirdilər. Azərbaycanda ilk üsuli-cədid məktəbləri S.Ə.Şirvani tərəfindən Şamaxıda (1870), M.T.Sidqi tərəfindən Ordubad (1892) və Naxçıvanda (təxm. 1894), Nuxa camaatı tərəfindən Nuxada (1893), M.M.Nəvvab tərəfindən Şuşada (təxm. 1895), M.İ.Qasir tərəfindən Lənkəranda (təxm.1896) açılmışdır.
Qaragüruhçular üsuli-cədid məktəblərini pisləmiş, onu “kafir məktəbi” adlandırmış, tərəfdarlarını təhqir və təqib etmişlər. M.Ə.Sabir üsuli-cədid əleyhdarlarını kəskin satira atəşinə tutmuşdur. Azərbaycanın mütərəqqi mətbuatı və qabaqcıl ziyalıları isə üsuli-cədid tərəfdarlarını müdafiə etmişlər.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Üsuli-cədid // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1986. — IX cild. — Səhifələrin sayı: 623. — Səh.: 497. — 80.000 nüsx.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |