Rəşid İsmayılov
Rəşid İsmayılov (1877–1942) — öz dövründə Cənubi Qafqazda jurnalist, pedaqoq, tərcüməçi və tarixçi kimi fəaliyyət göstərməklə yanaşı, həm də tanınmış maliyyə mütəxəssisi olmuş dövlət məmuru. Azərbaycanda demokratik respublikanın vaxtında və sovet quruluşunun ilk 17 ili ərzində bir sıra məsul vəzifələrdə çalışmış, lakin Stalin repressiyası dövründə 15 illik həbs cəzasına məhkum olunaraq Solovetski İslah-Əmək Düşərgəsində vəfat etmişdir.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1877-ci ildə İrəvanda (indiki Yerevan) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1905-ci ildə İrəvan müəllimlər seminariyasını bitirib.
Fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1902 – 1906-cı illərdə Tiflisdə (indiki Tbilisi) yaşayıb.
1903-ildən Tiflisdə azərbaycan dilində çıxan “Şərqi-Rus” qəzetinin redaksiyasında çalışıb.
1905-ci ildə “Şərqi-Rus” qəzetinin fəaliyyətinin dayanmasından sonra, bir müddət Tiflisdə rus dilində çıxan “Novoe obrozovanie” qəzetinin redaksiyasında çalışıb və qəzetin “Müsəlman həyatı” və “Yaxın Şərq” bölmələrini redaktə edib. Bununla yanaşı, o dövrdə Qafqazda çıxan digər qəzetlərdə müntəzəm olaraq rus, gürcü və azərbaycan dilində çıxış edib. Hətta Rusiyanın paytaxtında çıxan “Sankt-Peterbuq vedemostları” qəzetində də yazıları dərc olunub. Bəzi arxiv materiallarına əsasən o, bu qəzetin əməkdaşı imiş. Bir ildən artıq müddət ərzində isə “Tiflisski listok” qəzetinin redaksiyasında çalışıb.
1905-ci ildə özü Tiflisdə azərbaycan dilində “Təzə zaman” adlı qəzet buraxmaq istəyib. Qafqaz Canişinliyi əvvəlcə buna icazə verməsə də, uzun müddətli yazışmalardan və canişinə göndərdiyi şikayət ərizələrindən sonra “Təzə zaman”ın nəşrinə icazə alıb, lakin həmin ilin avqust ayında qəzetin çapına başlamadan fikrindən imtina edib[1].
1906 – 1915-cı illərdə Tehrandakı rus progimnaziyasının direktoru olub. Həmin məktəb Tehranda fəaliyyət göstərən rus güzəştli kredit bankının təşəbbüsü ilə açılarkən bank Qafqaz Təhsil İdarəsindən bir müsəlman müəllim istəmişdi və Qafqaz Təhsil İdarəsi isə Rəşid İsmayılovu tövsiyə etmişdi. Rəşid İsmayılov eyni zamanda bir müddət Rusiya Dövlət Bankının filialı olan İran Rusiya Bankında mühasib köməkçisi kimi də çalışıb.
1908-ci ildən 1912-ci ilə qədər Rusiya Maliyyə Nazirliyinin İrandakı nümayəndəsi Qrubenin katibi olub. Həmçinin qısa müddət ərzində İrandakı Rusiya səfirliyində draqoman (tərcüməçi) kimi fəaliyyət göstərib. İranda olduğu müddətdə fars dilini və xəttatlıq sənətini öyrənib. O, türk və fransız dillərində sərbəst danışa, bu dillərdə yaza və geniş tərcümələr edə bilirdi. 1915-ci ildə rus zadəgan ailəsinin qızı ilə ailə qurduğuna görə İrandakı Rusiya səfiri Etter bu evliliyi rus aristokratiyasına təhqir hesab edib və nəticədə Rəşid bəy “İranda Rusiyanın nüfuzuna xələl gətirdiyinə” görə bankdakı işindən qovulub, Tehrandakı mənzili və əmlakı isə əlindən alınıb. Bu hadisədən sonra Rəşid bəy özü məktəb açıb və rus progimnaziyasının müəllimlərinin çoxu onun məktəbində dərs deməyə gəliblər. Eyni zamanda Mazandaranda Xiştariya adlı hansıda bir şəxsin işlər müdiri kimi fəaliyyət göstərib.
1917-ci ildə Bakıya köçüb.
1918-ci ildə Hümmət partiyasına üzv olub. 1918-ci ildə mart hadisələrini araşdıran istintaq komissiyası sədrinin müavini, daha sonra isə sədri olub. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetində məsul vəzifələrdə çalışıb. 1919-cu ildə hökumət kabinəsində aparat rəhbəri olub. Həmçinin, Araz-Türk Respublikası parlamentinin üzvü olub və erməni təcavüzü qurbanlarına və qaçqınlara hökumət tərəfindən ayrılmış vəsaiti paylamaq üçün Naxçıvana göndərilmiş nümayəndə heyətinin tərkibində yer alıb.

1919-cu ildə Gürcüstanda təhlükəsizlik məmuru tərəfindən həbs olunsa da az sonra azad olunub.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra İnqilab Tribunalının sədri təyin edilib.
1922-ci ildə yad ünsür kimi partiyadan xaric olunub.
1922 – 1934-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Xalq Komissarlığında işlər müdiri, Azərbaycan SSR Pambıq Komitəsində maliyyə şöbəsinin müdiri, Batumda Azərbaycan SSR Xarici İşlər Komissarlığının səlahiyyətli nümayəndəsi, Azərbaycan SSR sosial təminat xalq komissarının müavini, Azərbaycan SSR Maliyyə Xalq Komissarlığının maliyyə nəzarəti şöbəsinin müdiri, Azərbaycan SSR Maliyyə Xalq Komissarlığının yerli maliyyə şöbəsinin müdiri, Moskvada ZSFSR nümayəndəliyində maliyyə məsələləri üzrə məsləhətçi, Zaqafqaziya Kənd Təsərrüfatı Bankının müfəttişlik şöbəsinin müdir müavini, ZSFSR Ali Təsərrüfat Sovetində baş müfəttiş, Azərbaycan SSR Xalq Təsərrüfatı Ali Şurasında planlaşdırma şöbəsinin müdiri, Azərbaycan SSR Dövlət Plan Komitəsinin Xalq Təsərrüfatı Uçotu İdarəsinin tikinti və kommunal xidmətlər sektorunun müdiri vəzifəsində çalışıb.
1934-cü ildə Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən casusluq və təxribat fəaliyyətində şübhəsi bilinərək həbs edilib, lakin altı aydan sonra sübut çatışmazlığı səbəbindən azadlığa buraxılıb.
1935-ci ildən 1937-ci ilə qədər Xəzər Dəniz Gəmiçiliyi İdarəsində müxtəlif vəzifələrdə çalışıb; o cümlədən, müxtəlif vaxtlarda, Bakı limanının planlaşdırma və maliyyə şöbəsinin rəis müavini, statistika şöbəsinin yığım nəzarət qrupunun rəhbəri və Kaspar administrasiyasının maliyyə şöbəsinin auditoru olub.
1937-ci ildə Bakının Voroşilov rayonundakı 1 nömrəli orta məktəbdə rus dili müəllimi idi, eləcə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin partiya kurslarında çalışırdı.
Həbsi və vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
13 sentyabr 1938-ci il tarixdə “əksinqilabi millətçi təşkilatın” üzvü və xarici kəşfiyyatın agenti kimi ittihamlarla həbs edilərək 15 il həbs cəzasına məhkum olunub və Solovetski İslah-Əmək düşərgəsinə göndərilib.
1942-ci ildə Solovetski İslah-Əmək Düşərgəsində – 65 yaşında, vəfat edib.
1962-ci ildə ölümündən sonra bəraət alıb[2].
Əsərləri[Vizual/Mobil redaktə | HTML redaktə]
- Avropa rəsmi-adəti. Tiflis, 1903, 26 s.;
- Müxtəsər Qafqaz tarixi və Zaqafqaziyada zühur edən məşhur türk ədib və sairlarin müxtəsər tarcümeyi-hallari. Tiflis, 1904, 51 s.;
- Qafqazin qisa tarixi və Azərbaycan tatarlarinin ədəbiyyatı. Tiflis, 1916;
- Azərbaycan tarixi, Bakı, 1923;
- İranda inqilabi hərəkatın tarixindən (həbs edilərkən məhv edilib);
- Azerbaycan tarixi. Bakı, 1993, s. 161.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Rəşid bəy anadan olan vaxt atası Əsəd bəy titulyar müşavir(ru) mülki məmur rütbəsinə malik idi və İrəvanda dövlət qulluğunda çalışırdı; o, Nuxadan (indiki Şəki) gəlmişdi və bir müddət sonra isə ailəsi ilə birlikdə Nuxaya geri dönüb[3].
1915-ci ildə Rəşid bəy Rusiyanın məşhur Trubetskoy zadəgan ailəsinindən olan Tver prokuroru Dmitri Trubetskoyun qızı Yelizaveta ilə evlənmişdi. Yelzavetta 1942-ci ildə ərinin ölüm xəbərini aldıqdan az sonra Bakıda vəfat edib.
Qızı Leyla neft hasilatı üzrə Pavlov familiyalı şəxsə ərə getmiş və uzun müddət Azərbaycan Neft Texnikumunda rus dilindən dərs demişdir[4].
Rəşid bəyin böyük qardaşı Kərim bəy İsmayılov (?–?) 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, əvvəl Böyük Vedi məktəbində müəllim və direktor, 1892-ci ilin sentyabr ayından 1894-cü ilin avqust ayınadək isə Nehrəm kənd məktəbində müəllim işləmişdir. Nehrəmdə işlədiyi müddətdə qələmə aldığı “Nehrəm kəndi” adlı məqaləsi “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə (SMOMPK, Tiflis, 1900, s. 192-201) dərc olunub[5]. Bununla yanaşı, iki kitabın da müəllifidir (“Hesab məcmüəsi” (Bakı, 1908) və “Nağıllar məcmuəsi” (Bakı, 1911))[6].
Kiçik qardaşı Mehdi bəy İsmayılov (1887–1951) Bakı Kommersiya Məktəbini və Moskva Kommersiya İnstitutunu bitirmiş[7][8], 1930 – 1934-cü illərdə, əvvəl Azərbaycan Ticarət-Kooperativ İnstitutunun, daha sonra Azərbaycan Sosial-İqtisad İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) ilk direktoru olmuşdur[9].
Bacısı oğlu Nazim Hacıyev (1924–1962) görkəmli dövlət xadimi idi. O, 1940-cı illərin ikinci yarısından 1960-cı illərin əvvəllərinədək Azərbaycan SSR-də yüksək komsomol və partiya vəzifələri tutmuş, həmçinin, ÜLKGİ MK-nın büro üzvü, Sov.İKP MK-da məsul təşkilatçı və sektor müdiri olmuş, həyatının son illərində isə Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi vəzifəsində çalışmışdır.
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
- ↑ Yurdsevər A.
- ↑ Керимова Т., 2005, сс. 400-403.
- ↑ İsmayılov R, 1993, s. 4.
- ↑ Гаджиев А., 2009, с. 16.
- ↑ Cəlil Məmmədquluzadə ensiklopediyası.
- ↑ Salmanlı R.
- ↑ Mərdanov M., Tahirzadə Ə., 2019, ss. 424-427.
- ↑ Ədalət Tahirzadənin Şəki saytı.
- ↑ Qarayeva S.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- İsmayılov R. Ön söz // Azərbaycan tarixi. — Bakı: Azərnəşr, 1993. — Səhifələrin sayı: 163. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 24 sentyabr 2026.
- Керимова Т.С. Измайлов (Исмайлов) Рашидбек Асадбек оглы (1877–1942) // Из истории Национальной Академии наук Азербайджана. — Баку: Тахсил, 2005. — С. 400—403. — 568 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 24 sentyabr 2026.
- Qarayeva S. Təhsil tariximizdə silinməz imza: Mehdi bəy İsmayılov : [arx. 24 Aug 2024 - 26 Sep 2026] // 525-ci qəzet. — 2024. — 28 iyun. — Müraciət tarixi: 26.09.2026.
- Salmanlı R. Mətbuat fədaisi – Rəşid bəy İsmayılov : [arx. 21 Jul 2020 - 10 Dec 2024] // Azərbaycan. — Müraciət tarixi: 27.09.2026.
- İsmayılov Kərim bəy : [arx. 30 Jun 2018 - 23 Sep 2025] // Cəlil Məmmədquluzadə ensiklopediyası. — Müraciət tarixi: 27.09.2026.
- Yurdsevər A. Maarif və mədəniyyət tariximizdə işıqlı bir sima – Rəşid bəy İsmayılov : [arx. 11 Feb 2023 - 10 Dec 2024] // 525-ci qəzet. — Müraciət tarixi: 27.09.2026.
- Mərdanov M., Tahirzadə Ə. İsmayılov Mehdi bəy Əsəd bəy oğlu [1887, Şəki-1951, Bakı] : [arx. 26.09.2026] // Ədalət Tahirzadənin Şəki saytı. — Müraciət tarixi: 26.09.2026.
- Mərdanov M., Tahirzadə Ə. İsmayılov Mehdi bəy Əsəd bəy oğlu [1887, Şəki-1951, Bakı] // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — III cild. — Səh.: 424 – 427. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 sentyabr 2026.
- Гаджиев А. (Спруга Рашид бека...) // Все понять, но не все простить : воспоминания и размышления о Назиме Гаджиеве : А. Гаджиев.. — Баку: Ганун, 2009. — 357 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 sentyabr 2026.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
Bu məqalə saytın akademik məqaləsidir. |
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış jurnalistlər
- 1877-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1942-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr
- AZE.WIKI:Akademik məqalələr